“Pensiyaların yaxşılaşdırılması üçün yol” mövzusunda beynəlxalq konfrans keçirilib
22 APREL 2025

Rumıniyanın Buxarest şəhərində “Pensiyaların yaxşılaşdırılması üçün yol” mövzusunda beynəlxalq konfrans keçirilib. Rumıniyanın Milli Bankının, Pensiya Fondları Assosiasiyasının və “PensionsEurope” beynəlxalq qurumunun birgə təşkilatçılığı ilə təşkil olunmuş konfransda Dövlət Sosial Müdafiə Fondu (DSMF) da təmsil olunub.

Tədbirdə Avropa ölkələrinin pensiya və sosial təminat sahəsində keçdiyi yol, pensiya fondlarının fəaliyyəti  və bu kimi digər məsələlər müzakirə edilib.

Konfrans çərçivəsində DSMF-nin nümayəndələri sosial sığorta və sosial təminat sahəsində son dövrlər ərzində ölkəmizdə aparılan islahatlar, bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, habelə qarşıda duran prioritet hədəflərdən danışıb və iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.