Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Moldovada bu ölkənin Milli Sosial Sığorta Kassasının baş direktoru xanım Elena Tsıbırne ilə görüşüb.
Görüş zamanı H.Məmişov son illər ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində aparılan islahatlar barədə məlumat verib. Fond sədri Azərbaycanda tətbiq edilən innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.
E.Tsıbırne pensiya təminatı və sosial sığorta sahəsində iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Görüşdə tərəflər arasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında 29 iyun 2011-ci il tarixində imzalanmış məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokol”un 2023-2024-cü illərdə icrası ilə bağlı Tədbirlər Planı imzalanıb.