DSMF sədri IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda qızıl medal qazanmış şəhid övladı ilə görüşüb
18 MART 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Azərbaycanda keçirilən IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda qızıl medal qazanmış şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə ilə görüşüb.

Görüşdə H.Məmişov qazandığı nailiyyətə görə Araz Şadmanzadəni təbrik edib, ona final mərhələsində də uğurlar arzulayıb.

Araz Şadmanzadə qarşıda onu gözləyən mötəbər bilik yarışına səylə hazırlaşdığını, bu mərhələdə də uğur qazanmaq üçün var gücü ilə çalışacağını və ölkəmizi layiqincə təmsil edəcəyini bildirib.

6-cı sinif şagirdi olan A.Şadmanzadə müxtəlif yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə fəal iştirak edərək, uğurlu nəticələrinə görə sertifikatlarla təltif olunub. O, yerli, eləcə də beynəlxalq olimpiadalarda ümumilikdə 10-dan çox medal qazanıb.