DSMF-nin daha 70 əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib
28 APREL 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 70 əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunublar. Onlara Partiyanın üzvlük vəsiqələri təqdim edilib. 

Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev və YAP-ın Nərimanov Rayon Təşkilatının sədri Elçin Quliyev iştirak ediblər. 

E.Quliyev 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ötən dövrdə keçdiyi şərəfli inkişaf yolundan, Partiyanın ölkəmizin tərəqqisi istiqamətində xidmətlərindən bəhs edib. 

O, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük siyasi nüfuza malik ümumxalq partiyası olduğunu, YAP sıralarının daim genişləndiyini vurğulayıb, YAP-ın Nərimanov rayonu ərazi partiya təşkilatının fəaliyyətini diqqətə çatdırıb.

S.Mehdiyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan sosial nailiyyətləri qeyd edib.   

Sonda əməkdaşlara YAP-ın üzvlük vəsiqələri təqdim olunub.