“Yeni Qayda, yeni yanaşmalar” mövzusunda növbəti təlim Ucarda keçilib
27 NOYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən “Yeni Qayda, yeni yanaşmalar” mövzusunda növbəti təlim Ucar rayonunda keçilib.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi ilə əlaqədar təşkil olunan təlimin məqsədi sığortaedənlərin bu sahə üzrə məsul əməkdaşlarını yeni tələblər və tətbiq mexanizmləri barədə məlumatlandırmaqdır.

Təlimdə Ucar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, bələdiyyənin, səhiyyə və təhsil müəssisələrinin, digər dövlət qurumlarının, eləcə də özəl şirkətlərin ümumilikdə 50 əməkdaşı iştirak edib.

Tədbirdə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru İlqar Məsimov yeni Qaydaya əsasən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi şərtləri barədə ətraflı məlumat verib. Yeni Qaydanın sığortaedənlər və sığortaolunanlar üçün yaratdığı üstünlüklər diqqətə çatdırılıb.

Qeyd olunub ki, müavinətlərin avtomatlaşdırılmış qaydada təyin edilməsi sığortaedənlərin inzibati iş yükünün əhəmiyyətli dərəcədə azalmasına imkan verir. Yeni Qaydaya əsasən, ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin staj müddətindən asılı olmayaraq 100 faiz miqdarında hesablanaraq ödənildiyi haqqında məlumat da diqqətə çatdırılıb.

Əmək fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslərə sözügedən müavinətin ödənilməsi müddətinin təqvim ili ərzində 6 aydan 1 ilədək artırılması, əlilliyi olan uşaqlara görə 3 yaşınadək uşağa qulluq müavinətinin ikiqat miqdarda ödənilməsi yeni Qaydanın əsas üstünlüklərindəndir. Müavinətin əskik ödənildiyi hallarda onun müəyyən edilmiş müddət ərzində yenidən hesablanaraq ödənilməsi imkanı da nəzərdə tutulub.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, yeni Qaydanın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.