F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi iştirakçılarının ailələri və övladları, Fond və kitabxana əməkdaşları, uşaq yazıçısı Gülzar İbrahimova iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına uşaq hüquqları və onların müdafiəsi haqqında məlumat verilib. Qəbul olunmuş qanunlar, konvensiyalar, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti haqqında danışılıb, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimatlar olunub. “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında maarifləndirici məlumatlar diqqətə çatdırılıb.
Tədbirdə uşaq yazıçısı Gülzar İbrahimova Vətən mövzusunda şeirlər səsləndirib, tədbir iştirakçılarına kitab hədiyyə edib.
Qeyd edək ki, tədbirin məqsədi uşaq hüquqlarının qorunması mexanizminin yaxşılaşdırılması, bu hüquqların müdafiəsinin daha effektiv təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması olub.