Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Hava Yollarının (AZAL) birgə təşkilatçılığı ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin övladları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya təşkil olunub.
20-yə yaxın uşağın iştirak etdiyi ekskursiya zamanı iştirakçılara hava limanının fəaliyyəti, aviasiya sahəsi və uçuşların təşkili prosesi barədə məlumat verilib. İştirakçılar hava limanı ərazisini gəzərək iş prosesi ilə yaxından tanış olub, interaktiv sual-cavabda iştirak ediblər.
Daha sonra onlar hava limanının Kinologiya Mərkəzində olublar. Burada xüsusi təlim keçmiş xidməti itlər tərəfindən həyata keçirilən yoxlama proseslərini və onların yerinə yetirdiyi müxtəlif tapşırıqları izləyiblər.
İştirakçılar eləcə də hava limanının Yanğınsöndürmə Mərkəzində olublar. Burada onlara yanğın təhlükəsizliyi qaydaları və operativ müdaxilə prosesləri barədə məlumat verilib, müasir avadanlıqlardan istifadə edilməklə yanğınsöndürmə simulyasiyaları nümayiş etdirilib.
Ekskursiya çərçivəsində uşaqlar AZAL-a məxsus təyyarənin göyərtəsinə qalxıb, pilot kabini ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.
Sonda uşaqlar üçün "Papa Johns Pizza Restoranları Şəbəkəsi" tərəfindən nahar təşkil olunub.
Tədbirin məqsədi uşaqlarda aviasiya sahəsinə maraq yaratmaq, onların dünyagörüşünün genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili olub.







