Şəhid övladları arasında keçirilən “Zəfər” qolf turnirinə yekun vurulub

Vətən müharibəsi şəhidlərinin 11–14 yaş aralığında olan övladlarının iştirakı ilə “Dreamland” qolf klubunda təşkil olunmuş “Zəfər” qolf turnirinin final mərhələsi keçirilib.. Turnirin qrup mərhələsində 5 qrupda mübarizə aparan 30 uşaqdan 5-i finala vəsiqə qazanıb. 

Final mərhələsində iştirakçılar geniş beynəlxalq təcrübəyə malik, Azərbaycanda yeganə PGA ixtisaslı qolf mütəxəssisi olan Şeyn Pikokun (Shane Peacock) hakimliyi ilə əvvəlcə uzun zərbələr (Long Game) üzrə yarışıblar. Uşaqlar müəyyən olunmuş hədəfləri dəqiqliklə vuraraq xal toplayıblar. Turnir qısa oyun (Short Game) – patinq (Putting) müsabiqəsi ilə yekunlaşıb. Hər iki mərhələnin cəmində ən yüksək xal toplayan iştirakçılar turnirin qalibi adını qazanıblar. 

Beləliklə, Kəlbiyev Elcan 1-ci yerə, Abdullazadə Aysu 2-ci yerə, Rüstəmov Şahin isə 3-cü yerə layiq görülüblər. 

Turnirin sonunda qaliblərə qolf idman növünə aid müxtəlif hədiyyələr və mükafatlar təqdim olunub. 

Layihə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı və Bir ekosisteminin dəstəyi ilə reallaşdırılıb.