Layihə çərçivəsində təşkil olunan seminara ilk mərhələdə 6-14 yaş aralığında 66 uşaq cəlb edilib.
Onlar robototexnika və proqramlaşdırma sahəsində həm nəzəri, həm də praktiki biliklər qazanıblar. Sonda bu sahədə biliyi və fəallığı ilə seçilən 8 iştirakçı növbəti 6 həftə müddətində ödənişsiz təlim proqramında iştirak etmək hüququ qazanıb. Onlar ilk 3 həftə ərzində proqramlaşdırma, növbəti 3 həftə ərzində isə robototexnika sahəsində daha müfəssəl biliklər əldə edəcəklər.
Gələcəkdə də bu cür təhsil proqramlarının davam etdirilməsi və robototexnika sahəsində yeni istedadların yetişməsinə dəstək göstərilməsi nəzərdə tutulub.
Layihənin məqsədi Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarında robototexnika və proqramlaşdırma sahəsinə maraq oyatmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdır.
Layihə Dövlət Sosial Müdafiə Fondu və “Robot Academy”nin birgə təşkilatçılığı ilə reallaşdırılır.







