“Robototexnikaya ilk addımlar” adlı layihə uğurla başa çatdı
24 SENTYABR 2025

Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Robot Academy”nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Robototexnikaya ilk addımlar” layihəsi yekunlaşıb.

DSMF-nin icraçı direktoru Mail Məmmədov layihəni uğurla başa vuran iştirakçılarla görüşüb. O, uşaqları təbrik edərək, layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, əsas məqsəd şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının robototexnika və proqramlaşdırma sahəsində biliklərini artırmaq olub. Layihə yalnız texnoloji inkişaf baxımından deyil, həm də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına göstərilən qayğı və diqqətin yüksək səviyyədə təmin olunması üçün vacibdir.

Diqqətə çatdırılıb ki, gələcəkdə də DSMF və “Robot Academy” belə təşəbbüslərlə təhsil proqramlarını davam etdirəcək, robototexnika sahəsində yeni istedadların yetişməsinə dəstək olacaq.

Sonda layihəni uğurla başa vuran Cəfər Məmmədli və Məhəmmədəli Məmmədliyə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu ilin may ayında start götürən “Robototexnikaya ilk addımlar” adlı layihənin birinci mərhələsində təşkil olunmuş seminarda 6-14 yaş aralığında ümumilikdə 66 uşaq iştirak edib. Burada onlara robototexnika və proqramlaşdırma sahəsində nəzəri və praktiki biliklər öyrədilib.

İkinci mərhələdə isə seminarda biliyi, bacarığı və fəallığı ilə seçilən 8 iştirakçı 6 həftəlik ödənişsiz təlim proqramına cəlb olunublar.