ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransı keçirilib
05 fevral 2024

Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam əhalinin mühüm bir hissəsini təşkil edən 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir.

Bunu dövlət başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.

Nazir müavini  bildirib ki, cənab Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. 

Qeyd edilib ki, həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın, ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Həmçinin 2018-2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. 

Dövlət başçısının yeni Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.  

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən yeni pensiya artımları üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. 

2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla  6,5 milyard manat vəsait nəzərdə tutulub.

2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırkı indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir. Pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğləri və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da 11,2 faiz indeksləşdirilərək artırılır. 

Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

Yeni Sərəncamla sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlət Statistika Komitəsinin məlumatı əsasında istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır.  Göründüyü kimi, həmin pensiya kapitalları sosial sığorta ayırmaları ilə yanaşı, hər ilin əvvəlində dövlət tərəfindən də indeksləşdirilərək artırılır. 

Mətbuat konfransında jurnalistlərin sualları da cavablandırılıb.