Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) tərəfindən “Pensiya sisteminə təsir edən sosial-iqtisadi amillər” mövzusunda onlayn tədbir keçirilib.
Vebinarı BPSFA-nın rəhbəri - Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev açaraq, tədbir iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətini vurğulayıb. O, pensiya sistemlərinin dayanıqlılığına təsir göstərən demoqrafik dəyişikliklər, məşğulluq strukturunda baş verən dəyişikliklər, miqrasiya prosesləri, habelə sosial müdafiə sistemlərinin uzunmüddətli maliyyə sabitliyi və sosial səmərəliliyi ilə bağlı məsələlərə toxunub, beynəlxalq təcrübə mübadiləsinin və birgə müzakirələrin vacibliyini qeyd edib. Sonda tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə Rusiyanın Regional İqtisadiyyat və Büdcələrarası Münasibətlər İnstitutunun professoru Aleksandr Safonov “Əmək bazarının pensiya sistemində sosial-iqtisadi göstəricilərin dayanıqlılığına təsiri” mövzusunda və Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Müəssisəsinin Sosial Siyasət İnstitutunun Pensiya sisteminin inkişafı laboratoriyasının baş eksperti, iqtisad elmləri namizədi Dmitri Pomazkin “Pensiya sığortasında demoqrafik risklər” mövzusunda təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Vebinarda Azərbaycanla yanaşı Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin sosial təminat qurumlarının rəhbər şəxsləri və sahə üzrə ekspertlər iştirak ediblər.







