MDB ölkələri arasında pensiya təminatı sahəsində transsərhəd əməkdaşlıq mövzusunda onlayn tədbir keçirilib
16 APREL 2026

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) təşkilatçılığı ilə “MDB ölkələri arasında pensiya təminatı sahəsində transsərhəd əməkdaşlıq. İkitərəfli sazişlər əsasında digər dövlətlərdə qazanılmış əmək stajının uçotu, pensiyaların ixracı və elektron məlumat mübadiləsi protokolları” mövzusunda onlayn tədbir təşkil edilib. 

BPSFA sədri olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev keçmiş SSRİ dövlətlərində pensiya təminatı sahəsində həyata keçirilən islahatlar, sürətlə artmaqda olan əmək miqrasiyasının iqtisadi təsirlərindən bəhs edib. Həmçinin pensiyaların ixracının vətəndaşlar üçün önəmi və ikitərəfli sazişlər üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

BPSFA-nın direktoru İqor Popov isə pensiyaların ixracı sahəsində üzv qurumlar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, transsərhəd mübadilə mexanizmlərinin təkmilləşdirilməsi, əmək miqrasiyası çərçivəsində işçilərin pensiya hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib.

Tədbirdə sosial təminat sahəsində transsərhəd əməkdaşlığın gücləndirilməsi, əməkçi miqrantların pensiya hüquqlarının qorunması, transmilli xidmət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Avrasiya İqtisadi Komissiyasının Əmək miqrasiyası və sosial müdafiə departamentinin Sosial müdafiə şöbəsinin müdiri Sergey Yevdokimov, Qırğız Respublikasının Sosial Fondunun Pensiya təminatı departamentinin müdiri Jıldız Kurmanova və DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli təqdimatlarla çıxış ediblər.

Onlayn tədbirdə Azərbaycanla yanaşı Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Belarus və digər ölkələrin pensiya və sosial fondlarının rəhbər şəxsləri, eləcə də sahə üzrə ekspertləri iştirak ediblər.