ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazirlər Sessiyası başlayıb
23 noyabr 2023

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransının sədri və bürosunun tərkibi seçilib. 

Konfransın sədri seçilmiş Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in bu konfransının üzv ölkələrin əlaqələrinin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını vurğulayıb. 

O, hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini vurğulayıb. 

S.Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb.  Bildirib ki, hər bir ölkədə tətbiq olunan yeniliklərin digər üzv dövlətlər tərəfindən də öyrənilməsi, tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi İƏT üçün əsas fəaliyyət istiqamətlərindəndir. O, Bakıda yaradılan İƏT-in Əmək Mərkəzinin bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.  

İƏT-in Baş katibi Hissein Brahim Taha bu konfransın üzv ölkələr üçün önəmindən bəhs edib, müzakirə olunan məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

İƏT Əmək Mərkəzinin Nizamnaməsinin digər bir sıra üzv ölkələr tərəfindən də imzalanması mərasimi olub.

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qilbert Hungbonun konfrans iştirakçılarına videomüraciəti təqdim edilib. O, İƏT-in Bakıda Əmək Mərkəzinin açılması münasibətilə təbrikini ifadə edib. Yeni çağırışlara uyğun olaraq Bakıda aktual mövzularda belə bir konfransın keçirilməsini, burada fəal müzakirələrin aparılmasını yüksək qiymətləndirərək dəstəklədiklərini vurğulayıb. 

Sessiyanın davamında iclasın gündəliyinin və sessiyaya hazırlıq iclasının hesabatının təqdim olunması, DOST Konsepsiyası və ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxların nümayişi, üzv ölkələrdən nazirlər və nümayəndə heyətləri başçılarının çıxışları, sessiyanın Qətnamə layihəsinin nəzərdən keçirilərək qəbul edilməsi, konfransın sədri və İƏT-in Baş katibinin mətbuat üçün brifinqi nəzərdə tutulub.