Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin baş mühasibləri üçün seminar təşkil edib.
4 gün davam edən seminarın əsas məqsədi maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri izah etmək, onların bilik və bacarıqlarını artırmaq olub.
DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” mövzusunda çıxış edib.
Seminarda sosial sığorta və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər barədə məlumat verilib. MDSS hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə, uşağın anadan olmasına görə, dəfn üçün müavinət, müavinətlərin hesablanması və ödənilməsi qaydası haqqında məlumat verilib.