Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin ailələrinin 8-12 yaş aralığında olan övladları üçün maarifləndirici ekskursiya təşkil edilib.
"Ümid çiçəkləri" adlı layihə çərçivəsində reallaşdırılan ekskursiya zamanı uşaqlar istixana kompleksində yetişdirilən ev bitkiləri, çiçəklər, dekorativ ağaclar, eləcə də meyvə ağacları ilə tanış olublar. Onlara bitkilərlə bağlı praktik məlumatlar verilib.
Layihənin məqsədi həssas kateqoriyaya aid uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşünün genişləndirilməsi və onların inkişafına dəstək göstərməkdir.
Novruz bayramı ərəfəsində təşkil edilən ekskursiya torpağın oyanışı və yenilənmə rəmzi ilə səsləşərək uşaqlarda təbiətə sevgi, zəhmətə hörmət və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xidmət edir.
"Zirə Gülçülük" MMC-nin istixana kompleksinə ekskursiyadan sonra tədbir iştirakçıları üçün “Dr. Meat” restoranında nahar təşkil olunub.







