Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Ucar rayonunda vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşların sosial təminat hüquqlarının həyata keçirilməsi ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya təyinatı, ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi, ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi, sosial yardımla bağlı qərarların qəbulunun və maddi-məişət şəraitinin müayinəsinin sürətləndirilməsi ilə əlaqədar olub.
Vətəndaşlar həmçinin sosial yardım təyinatından imtinanın səbəbləri, alimentin ödənilməməsi ilə əlaqədar verilmiş imtina qərarına yenidən baxılması, ÜDSY hüququna tətbiq edilmiş birillik məhdudiyyətin aradan qaldırılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi ilə bağlı müraciət ediblər.
Qəbul zamanı bütün müraciətlər qeydiyyata alınıb, onların bir qismi yerindəcə öz həllini tapıb.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Fondun aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.







