Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri – Ağayev Şahin Azər oğlunun Bakı şəhərində yaşayan ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər qeyd olunub. Ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.
Ağayevlər ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, 1993-cü il dekabrın 13-də anadan olmuş Şahin Ağayev Azərbaycan Milli Aviasiya Akademiyasını qırmızı diplomla bitirib. Təhsilini başa vurduqdan sonra 2 il "Azərbaycan Hava Yolları” QSC-nin Çağrı Mərkəzində çalışıb.
Müharibə başladıqda döyüşə yollanıb. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, böyük şücaət göstərib. 2020-ci il oktyabrın 26-da Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şahin Ağayev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.