DSMF nümayəndə heyətinin İspaniyaya səfəri çərçivəsində beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb
21 İYUN 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Madrid şəhərinə səfəri zamanı bir sıra rəsmi görüşlər keçirib.

Səfər çərçivəsində baş ofisi Çilidə yerləşən Beynəlxalq Pensiya Fondları İdarəçiləri Federasiyasının (FIAP) üzv təşkilatı olan İspaniya Krallığının Kollektiv İnvestisiya Qurumları və Pensiya Fondları Assosiasiyasının (INVERCO) mənzil-qərargahında Fond ilə FIAP arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum sosial təminat sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, strateji sənədlərin hazırlanmasında texniki dəstək, rəqəmsal həllərin tətbiqi, maliyyə savadlılığının təşviqi və əməkdaşlıq çərçivəsində qarşılıqlı texniki tədbirlərdə iştirak imkanlarını nəzərdə tutur.

Səfər çərçivəsində qurumların nümayəndə heyətləri arasında ikitərəfli görüşlər də keçirilib.

Azərbaycan nümayəndə heyəti ilə FIAP-ın prezidenti Guillermo Zamarripa və INVERCO-nun baş direktoru Elisa Rikon arasında keçirilən görüşlər zamanı sosial təminat və pensiya sistemləri sahəsində aparılan islahatlar və innovativ xidmət modelləri barədə üçtərəfli məlumat mübadiləsi aparılıb.

Eləcə də Azərbaycan və FIAP-a üzv olan ölkələrin sosial təminat sistemlərinə dair təqdimatlar edilib, müzakirələr aparılıb.