Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin (DSMF) sədri Zəka Mirzəyev Vətən müharibəsi şəhidi mayor Əliyev Asiman Vaqif oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs olunub.
Görüşdə Asiman Əliyevin uşaqlıq illərindən, hərb yolundan və şücaətindən bəhs olunub. Yaxınları və doğmaları onu vətənpərvər, işinin peşəkarı, cəld, istənilən çətin vəziyyətdən asanlıqla çıxmağı bacaran, dostcanlı insan kimi xarakterizə edirlər.
A.Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. O, 1993—2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001—2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Motoatıcı taqım komandiri ixtisası üzrə ali hərbi təhsil alıb.
Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn edilib.
A.Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.







