Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, ünvanlı dövlət sosial yardımı təyin edilmiş aztəminatlı ailələrin üzvləri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən yararlana biləcəklər. Fond tərəfindən təqdim edilmiş siyahılar əsasında TƏBİB-in tabeliyindəki tibb müəssisələri bu ailələrin ümumi müayinə və yoxlanışları, habelə laborator, instrumental və digər tibbi müayinələrinə zəruri dəstəyi göstərəcək. Üç il müddətini əhatə edən memorandum sosial müdafiə və səhiyyə sahələrində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edir.