Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Asiya Məhsuldarlıq Təşkilatı (APO) tərəfindən Sinqapurda təşkil edilmiş “Həyat tərzi və xidmət sektorlarında xidmət transformasiyasının liderliyi” mövzusunda təlimdə iştirak ediblər.
Təlimdə xidmət sektorunda müasir tendensiyalar, strateji idarəetmə metodları barədə məlumat verilib. Xidmətlərdə transformasiya proseslərinin həyata keçirilmə üsulları, müştəri məmnuniyyətinin artırılması və yeni yanaşmalar müzakirə olunub. DSMF nümayəndə heyəti müzakirələrdə fəal iştirakına görə sertifikatlarla təltif olunub.
İştirakçılar Sinqapurun Milli Kitabxana Şurasına (National Library Board) və Sinqapur Texnologiya İnstitutunun “Ağıllı və Dayanıqlı Kampus”una (The Singapore Institute of Technology Smart & Sustainable Campus) səfər edib, rəqəmsal innovasiyalar, dayanıqlı inkişaf və xidmət mühitində yeni yanaşmalarla yaxından tanış olublar.
Təlimdə Azərbaycanla yanaşı Vyetnam, Türkiyə, Şri-Lanka, Çin, Filippin, Pakistan, Monqolustan, Nepal, Malayziya, Hindistan, Fici, Kamboca, Banqladeş və Tailandın dövlət orqanlarının nümayəndələri iştirak ediblər.







