Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları “Asiya-Sakit okean regionunda dövlət pensiyaları” mövzusunda 11-ci beynəlxalq təlimdə iştirak ediblər.
Təlim İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Koreya üzrə Siyasət Mərkəzinin və Koreya Respublikası Milli Pensiya Xidmətinin birgə təşkilatçılığı ilə bu ölkənin Seul və Çoncu şəhərlərində keçirilib.
İnteraktiv formada keçən təlimdə Koreyanın pensiya-sığorta sistemi, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqramları və bu kimi digər mövzular barədə ətraflı məlumat verilib.
Fondun nümayəndəsi sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, tətbiq edilən innovativ həllər, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi haqqında danışıb.
Sonda əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.