DSMF-də əməkdaşlar üçün emosional idarəetmə üzrə təlim keçilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkdaşlarının peşəkar inkişafı və psixoloji hazırlığının gücləndirilməsi məqsədilə vətəndaşlarla intensiv ünsiyyətdə olan departamentlərin xanım əməkdaşları üçün “Peşəkar ünsiyyətdə emosional idarəetmə” mövzusunda təlim təşkil edilib.

20 nəfər əməkdaşın iştirak etdiyi tədbirdə əsas diqqət emosional sabitliyin qorunması, stresin effektiv idarə olunması və vətəndaşlarla ünsiyyətdə etik, səbirli və mülayim davranışın inkişafına yönəldilib.

Sərbəst təlimçi Nərmin Cahangirova tərəfindən keçilən təlimdə iştirakçılar emosional gərginliyin idarə olunması üsullarını mənimsəyib, art-terapiya yanaşması vasitəsilə stresin azaldılması və emosional balansın qorunması üzrə praktik bacarıqlar qazanıblar.

“MasterklassAzerbaijan”ın tərəfdaşlığı ilə təşkil olunmuş proqram çərçivəsində empatiya, düzgün ünsiyyət tonu və davranış modelləri üzrə interaktiv məşğələlər də aparılıb.