Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sosial sahədə şəffaflığın və ictimai nəzarətin artırılması məqsədilə Biləsuvar rayonunda ictimai dinləmə təşkil edib.
Rayon ictimaiyyəti və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi görüşdə əsas diqqət korrupsiya risklərinin minimuma endirilməsinə və dürüstlük standartlarının tətbiqinə yönəldilib.
İctimai dinləmədə sosial təminat sistemində korrupsiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Xidmətlərin rəqəmsallaşdırılması və proaktiv təyinat mexanizmlərinin genişləndirilməsi vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı ən effektiv qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb.
Şəffaflığın və operativliyin təmin edilməsi, eləcə də vətəndaş hüquqlarının dürüst prinsiplərlə qorunması Fondun fəaliyyətinin əsas prioritetləri kimi diqqətə çatdırılıb.
Həmçinin pensiya, sosial müavinət və təqaüdlərin təyinatı barədə təqdimatlar olub. Vətəndaşlara ödəniş növlərinin mahiyyəti və təyinat qaydaları izah edilərək şəffaf mexanizmlər vasitəsilə öz sosial hüquqlarını necə rahatlıqla reallaşdıra biləcəkləri haqqında məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb. Vətəndaşlar və QHT nümayəndələri ilə keçirilən bu cür açıq dialoqların korrupsiyaya qarşı mübarizədə ictimai nəzarəti gücləndirdiyi və qarşılıqlı etimadı artırdığı xüsusi qeyd olunub.







