31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları arasında təşkil olunan minifutbol turnirinin final mərhələsi keçirilib.
Finalda DSMF-nin Regionlarla İş üzrə Mərkəzi Filialı ilə Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun Regionlarla İş üzrə Mərkəzi Filialın 2-1 üstünlüyü ilə yekunlaşıb.
III yer uğrunda mübarizə aparan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial və Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filial arasında gedən oyunda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial 1-0 hesabı ilə qalib gəlib.
Beləliklə, turniri Regionlarla İş üzrə Mərkəzi Filialın komandası I, Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın komandası II, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın komandası isə III yerdə başa vurub.
Qeyd edək ki, Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın komandasının hücumçusu Tural Hümmətli "Turnirin ən çox qol vuran oyunçusu", Fondun Aparatının komandasının qapıçısı Rəvan Məmmədov isə "Turnirin ən yaxşı qapıçısı" mükafatına layiq görülüb.







