Dövlət Sosial Müdafiə Fondu cari ilin 11 ayı ərzində 51 layihə reallaşdırıb
24 DEKABR 2025

Dövlət Sosial Müdafiə Fondu 2025-ci ilin yanvar-noyabr ayları ərzində 51 sosial layihə və tədbir həyata keçirib.

Layihələrin iştirakçıları əsasən pensiyaçılar, şəhid və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və onların övladları, autizm və Daun sindromlu uşaqlar və valideynləri, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər olub.

Həmin vətəndaşlar üçün psixoloji və sosial dəstək, maarifləndirmə, təhsil sahəsində, eləcə də əyləncəli tədbirlər təşkil olunub, onlara tibbi xidmətlər göstərilib.

Bu layihə və tədbirlər “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”, "Konstitusiya və Suverenlik İli", "Vətən müharibəsinin 5-ci ildönümü", “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” çərçivəsində və digər əlamətdar günlərə həsr olunmaqla reallaşdırılıb.