“Sosial dəstək – sağlam gələcək” layihəsi çərçivəsində Beynəlxalq Daun Sindromu Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin məqsədi valideynləri Daun sindromu və onun xüsusiyyətləri ilə bağlı maarifləndirmək, uşaqlara tibbi, sosial-psixoloji dəstək göstərmək olub.
İlk mərhələdə uşaqlar pediatr, nevropatoloq, otorinolarinqoloq və digər ixtisaslı həkimlər tərəfindən tibbi müayinədən keçiriliblər.
Proqramın maarifləndirici hissəsində valideynlərə sosial ödənişlər, dövlət tərəfindən təqdim olunan güzəştlər və mövcud sosial dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbirin üçüncü hissəsi uşaqların sosiallaşmasına və inklüziv mühitdə ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş əyləncəli proqramdan ibarət olub. Uşaqlar müxtəlif oyunlarda iştirak edib, sosial inteqrasiyanı təşviq edən fəaliyyətlərdə fəal rol alıblar.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Referans Medical Group”a daxil olan “Leyla Medical Center”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.







