"Baku Open 2026" beynəlxalq şahmat turnirində iştirak etmiş benefisiarlarımızla görüş keçirilib
20 MAY 2026

Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunan “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında iştirak etmiş şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının övladları üçün görüş təşkil olunub. Görüşün fəxri qonağı “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüş, Prezident təqaüdçüsü, “Ginnesin Rekordlar Kitabı”nda iki rekordun müəllifi, Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olub. 

Səmimi atmosferdə keçən görüş zamanı Faiq Həsənov uşaqları ilk beynəlxalq yarışda iştirak etmələri münasibətilə təbrik edib, onların nümayiş etdirdiyi əzmkarlıq və iradənin yüksək qiymətləndirildiyini vurğulayıb. O, şahmatın insanın düşüncə tərzini formalaşdıran, strateji baxış qazandıran intellektual oyun olduğunu vurğulayıb. 

Tədbir zamanı tanınmış şahmat xadimi iştirakçılarla öz peşəkar təcrübəsini bölüşərək yarışlara hazırlıq prosesi, psixoloji dayanıqlıq, düzgün qərar vermə və oyunun incəlikləri barədə məlumat verib. Uşaqların sualları cavablandırılıb, onlara gələcək inkişafları üçün faydalı tövsiyələr verilib. 

Tədbirin sonunda uşaqlara simvolik hədiyyələr və yarışda iştiraklarına görə sertifikatlar təqdim olunub.