ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əmək nazirlərinin V konfransı öz işinə başlayıb
21 NOYABR 2023

Konfransın Nazirlər Sessiyasına hazırlıq iclası keçirilir

Bu gün Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başlayıb. Konfransın nazirlər sessiyasına hazırlıq iclası keçirilir.

İclas müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

İƏT əmək nazirlərinin 4-cü konfransının sədri Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin nümayəndəsi iclası giriş sözü ilə açaraq, konfransın üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini qeyd edib.

Sonra səsvermə ilə İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olunub.

Konfransın sədri seçilən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Anar Kərimov göstərilən etimada görə iştirakçılara təşəkkür edib və toplantının işinə uğurlar arzulayıb.

O, İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyətini, hazırki konfransın da bu istiqamətdə növbəti irəliləyişə hədəfləndiyini vurğulayıb. Nazir müavini gənclərin sayına görə İƏT-ə üzv ölkələrin dünya ölkələri arasında ön sıralarda olduğunu və həmin ölkələrdə gənclərin məşğulluğunun təminatının aparılan siyasətlərin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib.

A.Kərimov işsizliyin aradan qaldırılmasında insan kapitalının inkişafının, potensialın gücləndirilməsinin, rəqəmsal inkişafın, yüksək texnologiyaların geniş tətbiqinin xüsusi önəmini və bu mövzuların hazırkı konfrans üçün də aktual ola biləcəyini qeyd edib.

İclasda İƏT Baş Katibinin İqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo çıxış edib. Sonra ilk işçi sessiya çərçivəsində iclasın gündəliyi və proqramı qəbul edilib. Konfransın qətnamələri və İƏT Əmək Bazarı strategiyasının icrası ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb.

Bu gün iclasda həmçinin İƏT-in Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Baş Assambleyasının açılış sessiyasına hazırlıq iclası keçiriləcək, Baş Assambleyanın sədr və sədr müavinləri, Əmək Mərkəzinin İdarəetmə Şurası sədri və sədr müavinləri, Şura üzvləri, İƏT Əmək Mərkəzinin Baş direktoru seçiləcək.