ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ASK-nın iclası keçirilib
01 mart 2024

Azərbaycan Sahibkarlar Konfederasiyasının İctimai İaşə Müəssisələri ilə İş Komissiyasının iclası keçirilib

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili iştirak edib. 
Rəşad Mehdili Fondun “Sosial tərəfdaş” layihəsi barədə tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödənişləri aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur. 
Bildirilib ki, layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. Layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunan güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya Dövlət Sosial Müdafiə Fondunun (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq mümkündür.
Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.