Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə “Ağıllı sosial təminat: Avrasiya regionunda və onun hüdudlarından kənarda süni zəka və rəqəmsal texnologiyalar” mövzusunda vebinar keçirilib.
Vebinarda BPSFA-nın sədri, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev və BSTA-nın Baş katibi Marcelo Abi-Ramia Caetano tədbirin əhəmiyyətini vurğulayıblar.
Z.Mirzəyev sosial təminat sistemlərində rəqəmsal transformasiyanın tətbiqi, süni zəka alətlərinin xidmət proseslərinə inteqrasiyası, habelə innovativ texnologiyaların idarəetmənin səmərəliliyinə və sistemin uzunmüddətli dayanıqlılığına təsiri ilə bağlı məsələlərə toxunub, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Vebinarda sosial təminat sistemlərində süni zəka və rəqəmsal texnologiyaların tətbiqi, bu sahədəki qabaqcıl təcrübələr, eləcə də rəqəmsal transformasiyanın xidmətlərin səmərəliliyi, dayanıqlığı və vətəndaşlar üçün əlçatanlığının artırılmasındakı mühüm rolu müzakirə olunub. Həmçinin Azərbaycanda sosial təminatın rəqəmsallaşdırılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıdakı hədəflər diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Çin, Avstraliya, Qazaxıstan, Özbəkistan və Tacikistanın sosial təminat qurumlarının rəhbər şəxsləri, eləcə də ekspertlər çıxış ediblər.







