Azərbaycanda Türk Dünyasının İlk Beynəlxalq Riyaziyyat Olimpiadasının ölkə mərhələsi təşkil olunub.
Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə olimpiadanın ilk mərhələsində Vətən müharibəsi şəhidləri və iştirakçılarının 3-cü sinifdən 11-ci sinfə qədər təhsil alan 27 övladı ödənişsiz şəkildə iştirak edib.
Olimpiadada ölkəmizin müxtəlif bölgələrindən iştirak edən yüzlərlə şagird Antalyada keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazanmaq üçün biliklərini nümayiş etdiriblər. Final mərhələsi 2025-ci il 17-22 aprel tarixlərində Akdeniz Universitetinin ev sahibliyi ilə Türkiyənin Antalya şəhərində təxminən 40 ölkənin iştirakı ilə reallaşdırılacaq.
Bu bilik yarışının təşkil olunmasında əsas məqsəd şagirdlərin riyaziyyata marağını artırmaq, onların riyazi bacarıqlarını inkişaf etdirmək və məktəbliləri beynəlxalq səviyyəli yarışlara hazırlamaqdır.
Olimpiadada iştirak edən şagirdlər universitetlərə qəbul zamanı və təhsil təqaüdləri əldə etməkdə əlavə üstünlüklər qazanacaqlar.
Seçim mərhələsində iştirak edən bütün şagirdlər sertifikat, yüksək nəticə göstərənlər isə xüsusi mükafat və medallarla təltif ediləcəklər.