Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş olub.
Səfiri yeni təyinatı münasibəti ilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, hər iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını bildirib. Ölkəmizdə son illər sosial sahədə aparılan islahatlar barədə məlumat verilib. 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun önəmi qeyd olunub.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin noyabrın 21-23-də Bakıda keçiriləcək 5-ci konfransının əhəmiyyəti vurğulanıb. Bu beynəlxalq tədbirin üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi qeyd olunub. İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin də Təşkilata üzv ölkələrin sosial sahədə əlaqələrinin inkişafına töhfə verəcəyi bildirilib, Mərkəzin Nizamnaməsinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən də imzalanmasından məmnunluq ifadə olunub.
İssam bin Saleh əl-Cuteyli ölkələrimiz arasında əlaqələrin inkişafından bəhs edib, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin qarşılıqlı faydalı olduğunu bildirib.
Görüşdə iki ölkə arasında bir çox sahədə, o cümlədən əmək sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələlərinin həyata keçirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.