Dövlət Sosial Müdafiə Fondunda 8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Fondda çalışan şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Görüşdə DSMF sədri Himalay Məmişov 44 gün davam edən Vətən müharibəsindən və əldə etdiyimiz tarixi qələbədən danışıb. Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. Qeyd edib ki, bundan sonra da şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısı ilə əhatə olunacaqlar.
H.Məmişov bildirib ki, 2020-ci ilin 27 sentyabrında Prezident, Ali baş komandanın döyüş əmri gələn kimi Fondun onlarla əməkdaşı könüllü surətdə cəhbəyə yollanıb. Vətən müharibəsi zamanı Fond arxa cəbhədə gücləndirilmiş iş rejimində çalışıb, şəhid ailələri və əlil olmuş şəxslərə sosial ödənişlərlə bağlı təyinatlar proaktiv qaydada həyata keçirilib.
Görüşdə hazırda Fondda 111 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısının çalışdığı vurğulanıb.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan Surxay Noçuyevin atası, Fondun Maliyyə departamentinin şöbə müdiri Əbdül Noçuyev oğlunun döyüş yolundan, əldə etdiyimiz tarixi qələbədən, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Vətən müharibəsi iştirakçısı, Fondun Hüquq departamentinin müdir müavini Firidun Quliyev isə müzəffər Azərbaycan ordusunun qüdrətindən, döyüş yoldaşlarının əzmkarlığından, arxa cəbhədəki insanların vətənpərvərlik hissindən, birliyimizdən, qazandığımız zəfərdən bəhs edib.