1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə şəhid övladları üçün Şamaxı rayonuna maarifləndirici və əyləncəli ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və sosial inteqrasiyasına dəstək göstərilməsi olub.
İştirakçılar əvvəlcə Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər. Burada onlara kainatın yaranması, ulduzların formalaşması, astronomiya elminin inkişafı və onun insan həyatındakı rolu barədə ətraflı məlumat verilib. Uşaqlar rəsədxananın fəaliyyəti və istifadə olunan müasir avadanlıqlarla tanış olublar.
Daha sonra iştirakçılar Pirqulu Safari Parkına səfər ediblər. Min hektardan çox ərazini əhatə edən parkda təşkil olunan tur zamanı onlar Pirqulu dağ-meşə massivinin zəngin təbiəti ilə yaxından tanış olub, müxtəlif ölkələrdən gətirilmiş nəcib maral, muflon, Altay maralı, alpaka, lama, bizon, zubr, yak və digər heyvanları müşahidə ediblər.







