ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləməyə davam edən və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş şəxslərin pensiyalarının yenidən hesablanması qaydası

Sual: Ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyasının yenidən hesablanması qaydası necədir?

Cavab: Ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud onun pensiyası sonradan toplanmış kapitala uyğun olaraq yenidən hesablandığı gündən sonra 6 il işlədikdə pensiyaçının əmək pensiyası fərdi hesabının sığorta hissəsində sonradan toplanmış və istifadə olunmamış pensiya kapitalı əsasında yenidən hesablanır.

Məsələ 1. Şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub və fərdi hesabının sığorta hissəsində 01.02.2022-ci il tarixindən 01.02.2024-cü il tarixinədək 2300 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-yə (144 - 24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) = 120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Məsələ 2. Şəxsə 2018-ci ilin 1 dekabr tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. Onun pensiya məbləği 2024-cü ilin 1 dekabr tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində 01.12.2018-ci il tarixindən 01.12.2024-cü il tarixinədək 36500 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (36000 manat) 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) = 72) bölünməklə pensiya məbləği yenidən hesablanır. Sözügedən şəxs 2025-ci ilin 1 fevral tarixində işdən azad olunur və fərdi hesabının sığorta hissəsində 01.12.2024-cü il tarixindən 01.02.2025-ci il tarixinədək 900 manat istifadə olunmamış pensiya kapitalı qeydə alınır. Bu halda şəxsin həmin dövr üzrə (01.12.2024-01.02.2025) toplanmış pensiya kapitalı (900 manat) 72-yə bölünməklə pensiya məbləği işdən azad olunduğu 01.02.2025-ci il tarixindən yenidən hesablanır.