Sual: Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən və sonradan fasiləsiz olaraq pensiyaçı kimi 6 il işləmiş və ya 6 ildən tez işdən azad olan şəxslərin pensiyası yenidən necə hesablanır?
Cavab: Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.
Məsələ 1. Şəxsə 2017-ci ilin 1 mart tarixində (57 yaşında) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməkdə davam edib. Şəxsin pensiya məbləği 2023-cü ilin 1 mart tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanıb. Şəxsin fərdi hesabının sığorta hissəsində 01.03.2017-ci il tarixindən 01.03.2023-cü il tarixinədək olan dövr üzrə 21800 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (21800 manat) 96-ya (144 + 24 (pensiya yaşı (65 yaş) ilə şəxsin faktiki yaşı (63 yaş) arasındakı ayların sayı) - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) = 96) bölünməklə pensiya məbləği yenidən hesablanır. (Əsas - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci və 2.2-ci maddələri).
Məsələ 2. Şəxsə 2021-ci ilin 1 sentyabr tarixində (60 yaşında) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməkdə davam edib. O, 2024-cü ilin 1 sentyabr tarixində işdən azad olunub və onun fərdi hesabının sığorta hissəsində 01.09.2021-ci il tarixindən 01.09.2024-cü il tarixinədək 3100 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 132-yə (144 + 24 (pensiya yaşı (65 yaş) ilə şəxsin faktiki yaşı (63 yaş) arasındakı ayların sayı) - 36 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) = 132) bölünməklə pensiya məbləği yenidən hesablanır. (Əsas - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci və 2.2-ci maddələri).
Məsələ 3. Şəxsə 2023-cü ilin 1 dekabr tarixində (60 yaşında) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməkdə davam edib. O, 2024-cü ilin 1 dekabr tarixində işdən azad olunub və onun fərdi hesabının sığorta hissəsində 01.12.2023-cü il tarixindən 01.12.2024-cü il tarixinədək 1250 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (1250 manat) 132-yə (144 - 12 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) = 132) bölünməklə pensiya məbləği yenidən hesablanır.