Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin sədr müavini Cəmşid Abruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə pensiya təminatı və sosial sığorta sahəsində son illər ərzində aparılan islahatlar barədə məlumat verib. Bu xüsusda Azərbaycanda tətbiq edilən innovativ yanaşmalar, elektron infrastruktur üzərindən əhaliyə göstərilən proaktiv xidmətlər və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəflərdən bəhs edilib. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb.
Cəmşid Abruyev ölkələrimiz arasında əlaqələrin daim genişlənməsinin məmnunluq hissi doğurduğunu, sosial islahatlar prosesində ardıcıl təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini vurğulayıb. O, sosial təminat sahəsində innovativ həllərin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsini öyrənib tətbiq etməkdə maraqlı olduqlarını bildirib.
Eləcə də sosial müdafiə sahəsində innovativ həllərin, elektron texnologiyaların tətbiqi, sosial təminat sistemlərinin təkmilləşdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində təcrübə mübadiləsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.