ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qarabağ KOB-ları” layihəsi ictimaiyyətə təqdim olundu
25 oktyabr 2023

KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstəyi nəzərdə tutur.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının təşkilatçılığı, “Paşa Holding”in ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib. 
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. 
Təqdimat öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  
Sonra “Qarabağ KOB-ları” layihəsinə dair video çarx nümayiş olunub.  
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramlarını qeyd edərək, bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğunun təmin edildiyini bildirib. Qeyd olunub ki, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində bu kateqoriyalardan olan 20 min şəxsin məşğulluğu təmin edilib, habelə 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, təqribən 10 minədək şəxs işlə təmin olunub. Nazir son 5 ildə 1 milyondan çox şəxsin məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib, “Qarabağ KOB”ları layihəsinin şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahı və məşğulluğunun dəstəklənməsində əhəmiyyətli olacağını vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları” layihəsi, biznesə başlamaq üçün özünüməşğulluğun önəmi, bu sahədə Agentliyin müvafiq qurumlarla birgə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, “Qarabağ KOB-ları” layihəsi də ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olmaqla, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə həyata keçirilir. Layihə Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edir. Artıq layihəyə qoşulmuş iştirakçılara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçiriləcək və müvafiq sertifikatlar veriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək. Layihə çərçivəsində ümumilikdə 50 yeni sahibkarlıq subyekti yaradılacaqdır.