ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Hamlet” tamaşasının premyerası olub
26 yanvar 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Nazirliyin dəstəyi ilə Azərbaycanın ilk inklüziv teatrı - ƏSA Teatrının yaradıcı heyətinin səhnələşdirdiyi “Hamlet” tamaşasının ilk nümayişi olub. İngilis dramaturqu Uilyam Şekspirin eyniadlı faciəsi əsasında hazırlanmış tamaşanın premyera tədbirində hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. 

Tədbirdə qeyd olunub ki, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsində mühüm rola malikdir. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə son bir ildə 180-dən çox, Mərkəzin 2 illik fəaliyyəti ərzində isə 480-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub. Həmçinin burada mütəmadi olaraq inklüziv yaradıcılıq tədbirləri də təşkil olunur. Təkcə ötən il bu Mərkəzdə 90-dək tədbir təşkil edilib. 

Nazirliyin ƏSA Teatrı ilə fəal əməkdaşlığının nəticəsi olaraq son illər bir sıra inklüziv tamaşalar da hazırlanaraq Mərkəzdə ictimaiyyətə təqdim olunub. Bu tamaşaların yaradıcı heyətində Mərkəzin benefisiarları da yer alıb.

Nazirliyin əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsinə yönələn fəaliyyətində başlıca deviz “Əlillik qüsur deyil” devizidir. Əlilliyə məruz qalmaq yaşayıb-yaratmağa maneə ola bilməz. Əksinə, insan öz bacarığını daim artıraraq hər hansı fiziki məhdudiyyətin sədlərini aşdıqca, inamla addımlayaraq uğura nail olduqca daha da güclənir və yeni bir uğura doğru irəliləmək əzminə yiyələnir. Premyerası olan tamaşa da bunu bir daha təsdiq edir.

Yeni təqdim edilən “Hamlet” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşadan sonra qonaqlar - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Jalə Əhmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Slavyan Universitetinin rektoru  Anar Nağıyev, xalq artistləri Fəxrəddin Manafov, İlham Namiq Kamal, Firəngiz Mütəllimova və başqaları tamaşanın yaradıcı heyəti ilə görüşərək onlara təşəkkürlərini ifadə edib, yeni yaradıcılıq uğurları arzulayıblar. 

Sonra qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Tamaşanın yaradıcı heyətinə əlilliyi olan və olmayan peşəkar aktyorlar, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları cəlb olunub.  

Tamaşadakı obrazları Elşən Əskərov, əməkdar artistlər İlqar Cahangir və Qasım Nağı, Könül Şahbazova, Elsevər Rəhimov, Amin Əsgərov, Gülçin Qasımova, Elvin Mirzəyev, Bəhram Rəhimli, Orxan Əliyev, Gülnar Əlfidatlı, Mərkəzin benefisiarları Babək İsmayılov və Turan Şahsubutov ifa ediblər. 

ƏSA Teatrının rəhbəri Nihad Qulamzadənin quruluş verdiyi tamaşanın ikinci rejissoru Səmayə Ağayarova, rəssamı Nübar Hüseynova, musiqi tərtibatçısı Nicat Qulam, işıq rəssamı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı Bünyamin Sailov, multimedia meneceri Famil Mahmudbəyli, tərtibatçıları Tamerlan Abdullayev və Şahbaz Məmmədovdur.