DSMF Vətən müharibəsi şəhidlərinin övladları üçün ekskursiya təşkil edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vətən müharibəsi şəhidlərinin övladlarının dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə maraqlı və maarifləndirici layihə həyata keçirib.

Layihə çərçivəsində uşaqlar istehsalat müəssisələrinə ekskursiya edərək, iş prosesi və istehsalatda tətbiq olunan yeniliklərlə yaxından tanış olublar.

Ekskursiyanın əsas məqsədi uşaqlara müasir istehsalat sahələri və bu sahələrdə tətbiq edilən yeni texnologiyalar barədə ətraflı məlumat vermək olub.

Uşaqlar istehsalatın müxtəlif mərhələlərini izləyərək, bu sahədəki yenilikləri yerində görmə imkanı əldə ediblər. Onlar həmçinin müasir texnologiyaların iş prosesinə göstərdiyi təsiri və istehsalın necə daha effektiv və müasir hala gəldiyini müşahidə ediblər.

Ekskursiyadan sonra uşaqlar "Papa Johns" restoranında nahar edib, əyləncəli vaxt keçiriblər. Burada "CAMPHOOD" tərəfindən onlar üçün müxtəlif qrup oyunları təşkil olunub.

Bu oyunlar uşaqların bir-biri ilə daha yaxından tanış olmasını və dostluq əlaqələrinin gücləndirilməsini təmin edib. 20-dən çox məktəblinin iştirak etdiyi layihə əsasən 8-13 yaş aralığındakı uşaqları əhatə edib.

DSMF-nin təşkil etdiyi tədbirin əsas məqsədi uşaqların asudə vaxtını maraqlı və faydalı şəkildə keçirmələrini təmin etmək, yaradıcı potensiallarını inkişaf etdirmək, dostluq əlaqələrini möhkəmləndirmək və sosiallaşmalarına şərait yaratmaq olub.

Ekskursiyalar və sosial fəaliyyətlər vasitəsilə uşaqlar əyləncəli şəkildə yeni biliklər qazanır, həm özlərini inkişaf etdirir, həm də gələcəkdə həyatda qarşılaşacaqları çətinliklərə daha hazırlıqlı olmaq şansı əldə edirlər.