Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib.
DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində vətəndaşları qəbul edib. Qəbula Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar gəliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov və şura üzvü Aslan Əzimzadənin də iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər isə bu dəfə pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı olub.
Müraciətlərin hər biri qeydə alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.







