Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Maldiv Respublikasında Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən təşkil edilən maliyyə dayanıqlılığı və institusional potensialın gücləndirilməsi mövzusuna həsr olunmuş beynəlxalq seminarda iştirak edib.
Tədbirdə dünya ölkələrində sosial təminatın maliyyələşdirilməsinə təsir edən amillər, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi, rəqəmsal təşəbbüslər, fırıldaqçılığın qarşısının alınması və gələcək dövrdə pensiya sistemlərinin maliyyə dayanıqlılığının təmin edilməsi məsələləri müzakirə olunub.
Seminarda DSMF-nin Beynəlxalq əlaqələr departamentinin şöbə müdiri Mirsadiq Sadıxzadə “Demoqrafik dəyişikliklərin idarə edilməsi: Azərbaycanın pensiya sistemində proqnozlar və dayanıqlılıq” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda ölkəmizin pensiya sistemi, pensiya ödənişlərinin cari maliyyələşdirmə modeli, demoqrafik proqnozların pensiya sisteminə təsiri, uzunmüddətli maliyyə dayanıqlılığının təmin edilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində DSMF-nin həyata keçirdiyi mütərəqqi tədbirlər diqqətə çatdırılıb.
Tədbirdə Yaponiya, Cənubi Koreya, Hindistan, Filippin, İndoneziya, Maldiv və digər ölkələrin sosial təminat qurumlarının nümayəndələri iştirak ediblər.







