Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Almaniyada Avropa Sığorta və Peşə Pensiyaları Qurumunun (EIOPA) təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Tədbir sosial sığorta və pensiya sektorunda nəzarətin perspektivləri, maliyyə sabitliyinin qorunması və benefisiarların etimadının artırılması mövzularına həsr olunub. Konfransda Avropa Komissiyasının və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxsləri və sahə üzrə ekspertlər iştirak ediblər.
Tədbirdə pensiya boşluğunun aradan qaldırılması, demoqrafik dəyişikliklər fonunda pensiya sistemlərinin dayanıqlılığı, eləcə də rəqəmsallaşma və süni zəkanın maliyyə rəhbərliyində rolu barədə təqdimatlar olub, panel müzakirələri aparılıb.
EIOPA-nın sədri Petra Hielkema dəyişən qlobal çağırışlar fonunda sosial sığorta və pensiya sektorlarının cəmiyyətin dayanıqlılığında əsas rol oynadığını vurğulayıb.
Fondun nümayəndələri sessiyalarda pensiya təminatı sahəsində Avropanın qabaqcıl təcrübələri ilə tanış olublar. Müzakirələr zamanı Azərbaycanda sosial təminat sistemində son illər aparılan islahatlar, əhaliyə göstərilən proaktiv xidmətlər və tətbiq edilən innovativ həllər barədə məlumat verilib.
Tədbir çərçivəsində sosial təminat və pensiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.







