DSMF ilə BSTA arasında ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub
23 İYUN 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Bürosunun İsveçrənin Cenevrə şəhərində keçirilmiş 133-cü iclasında iştirak edib.

İclasda BSTA Bürosunun mandatı və prosedurları, 132-ci Büro iclasının protokolunun təsdiqi, Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, BSTA-nın vitse-prezidentinin seçilməsi, Assosiasiyanın fəaliyyət hesabatları və digər proqramların icrası, eləcə də Assosiasiyanın 100 illik yubileyi ilə bağlı məsələlər müzakirə olunub.

Zəka Mirzəyev BSTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir neçə təklif irəli sürüb. Təkliflər BSTA-nın rəhbərliyi və Büro üzvləri tərəfindən yüksək qiymətləndirilərək yekdil səsvermə ilə BSTA-nın 2026–2028-ci illər üzrə Fəaliyyət Planına daxil edilib.

Bununla yanaşı, iclas çərçivəsində Fond ilə BSTA arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, Assosiasiyanın funksional fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, ötən il Malayziyada keçirilmiş BSTA-nın Dünya Sosial Təminat Forumunda Fondun İdarə Heyətinin sədri BSTA-nın Bürosuna və BSTA-nın Avropa Şəbəkəsi İdarəetmə Komitəsinə üzv seçilib.