Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev V “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyevlə görüşüb.
Z.Mirzəyev əvvəlcə qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, son illər ərzində qazanılmış uğurlar, idarəçilik sistemi, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar və xidmətlərin elektronlaşdırılması barədə məlumat verib. Fond sədri proaktiv təyinat mexanizmlərinin qurulmasından, xidmət modelinə keçidlə bağlı əldə olunan nailiyyətlərdən, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və xidmət sahələrinin optimallaşdırılmasından danışıb. O, həmçinin xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işləri və qarşıya qoyulan hədəfləri də diqqətə çatdırıb.
Görüşdə fərdi və karyera inkişafı ilə bağlı qalibləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Eləcə də Fondun fəaliyyət istiqamətləri ilə bağlı qaliblərin verdiyi suallar cavablandırılıb, gələcəkdə həyata keçiriləcək müxtəlif layihələrdə əməkdaşlıq imkanları müzakirə edilib.







