Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ucar rayonunda əlilliyi olan şəxslərin sosial təminat hüquqlarına dair ictimai dinləmə təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin sosial təminat hüquqları, onlara təyin olunan sosial ödənişlərin növləri, mahiyyəti və təyinat şərtləri, habelə bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması olub.
Rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, sosial ödənişlərin təyinatı mexanizmləri və qanunvericilik yenilikləri barədə ətraflı məlumat verilib.
İctimai dinləmə çərçivəsində pensiya, sosial müavinət və təqaüdlərin təyin edilməsi qaydalarına dair təqdimatlar nümayiş etdirilib. Sözügedən sosial ödənişlərin mahiyyəti, təyinatının hüquqi əsasları və şərtləri izah olunub, vətəndaşların sosial təminat hüquqlarının həyata keçirilməsi üçün yaradılmış şəffaf, operativ və əlçatan mexanizmlər diqqətə çatdırılıb.
Vurğulanıb ki, vətəndaşların sosial təminat hüquqlarının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, sosial ödənişlərin təyinatında şəffaflığın və operativliyin artırılması, eləcə də sosial xidmətlərə əlçatanlığın təmin olunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
İctimai dinləmənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sosial təminat məsələlərinə dair müvafiq izahlar verilib.







