Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 28 aprel - 6 may tarixlərində "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalı keçirilib. Ümumilikdə 12 ölkədən 800-dən çox şahmatçının mübarizə apardığı festivalda şəhid və müharibədə iştirak etmiş şəxslərin uşaqlarının iştirakı da təmin olunub.
Benefisiarlarımızdan 12 yaşadək şahmatçıların turnirində 385 idmançı arasında Dünyamalı Bəxtiyar və Salmanova Ləman hər biri 3 qələbə qazanaraq yarışı 3 xalla başa vurublar. Dünyamalı Polad 2 xal, Dünyamalı Aylın isə 1,5 xal toplayıblar. B qrupunda çıxış edən Şadmanzadə Araz 304 şahmatçının mübarizə apardığı yarışda 9 turdan sonra 3 xal əldə edib.
Qeyd edək ki, benefisiarlarımız bu cür yüksək səviyyəli yarışda ilk dəfə çıxış ediblər. Bu festival onlar üçün yeni təcrübə və gələcək uğurlar üçün vacib platforma olub. İştirakçılara beynəlxalq şahmat mühitində rəqabət aparmaq, potensiallarını inkişaf etdirmək imkanı yaradılıb.
Məqsədi uşaqların intellektual inkişafına dəstək vermək və onların beynəlxalq idman arenasına inteqrasiyasını təmin etmək olan təşəbbüs Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.







