“Aydın baxış” layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib

Layihənin məqsədi əlilliyə görə və yaşa görə əmək pensiyası alan vətəndaşların sağlamlığının qorunması, onların sosial ödənişlər barədə maarifləndirilməsi, görmə problemləri ilə bağlı profilaktik tədbirlərin aparılması olub.

Əvvəlcə iştirakçılar hərtərəfli oftalmoloji müayinədən keçiblər. Proqramın çay süfrəsi ətrafında keçirilən maarifləndirici hissəsində isə onlara sosial ödənişlər, dövlət tərəfindən təqdim olunan güzəştlər və mövcud sosial dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Sosial müdafiəyə ehtiyacı olan pensiya alan vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə, onların göz sağlamlığı və sosial təminat imkanları barədə məlumatının artırılmasına, həmçinin erkən tibbi müdaxilə imkanlarının genişləndirilməsinə xidmət edən layihə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə “Liv Bona Dea Hospital”la tərəfdaşlıq çərçivəsində reallaşdırılıb.